Naxçıvan şəhərində 10–17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə birincilik təşkil olunub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda oğlanlar və qızlar kateqoriyaları üzrə qaliblər müəyyənləşib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən qızlar arasında Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İlahə Məhərrəmova birinci olub. Naxçıvan Dövlət Universitetinin tələbəsi Ayla Nağıyeva ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi İnci Ələkbərova isə üçüncü yeri tutub.
Oğlanların mübarizəsində Naxçıvan Dövlət Universitetinin tələbəsi Elsən Quliyev birinci, Naxçıvan Hərbi Kollecinin tələbəsi Hüseyn Vəliyev ikinci, Naxçıvan Dövlət Universitetinin digər tələbəsi Qurban Abbasov isə üçüncü olub.
Yarışın sonunda ilk üç yeri tutan tələbələrə diplom, medal və hədiyyələr təqdim edilib.
Birinciliyin keçirilməsində məqsəd tələbələr arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, dostluq və idman əlaqələrinin möhkəmləndirilməsidir.